Qarabağ Universitetində İTÜ ilə ikili diplom proqramına start verilir
Qarabağ Universiteti 2026/2027-ci tədris ilindən etibarən İstanbul Texniki Universiteti (İTÜ) ilə beynəlxalq ikili diplom proqramını həyata keçirəcək. Layihə Azərbaycan Prezidentinin 22 iyul 2025-ci il tarixli Sərəncamı əsasında reallaşdırılır.
Proqram İnşaat mühəndisliyi, Elektrik və elektronika mühəndisliyi, Mexanika mühəndisliyi və Kimya mühəndisliyi ixtisaslarını əhatə edir. Tədris İTÜ-nün proqramları əsasında, tamamilə ingilis dilində aparılacaq. Tələbələr ilk 3 ili Xankəndidə, sonuncu ili isə İstanbulda təhsil alacaqlar. Dərslərdə İTÜ-nün professor-müəllim heyəti də iştirak edəcək.
Proqramı uğurla başa vuran tələbələr həm Qarabağ Universitetinin, həm də İTÜ-nün bakalavr diplomunu əldə edəcəklər. Təhsil proqramı ilə bağlı bütün xərclər dövlət tərəfindən qarşılanacaq.
Ekspertlər hesab edirlər ki, bu əməkdaşlıq Qarabağ Universitetinin beynəlxalqlaşmasına, mühəndislik təhsilinin keyfiyyətinin artırılmasına və regionda yeni elmi-akademik mühitin formalaşmasına mühüm töhfə verə bilər.
Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov layihəni Qarabağın elmi və intellektual inkişafı baxımından əhəmiyyətli addım kimi qiymətləndirib. Onun fikrincə, İTÜ ilə əməkdaşlıq Qarabağ Universitetinin gələcəkdə klassik regional universitetdən tədqiqatyönümlü və texnoloji ali təhsil müəssisəsinə çevrilməsinə şərait yarada bilər.
İ.Orucovun sözlərinə görə, İTÜ professorlarının tədris prosesinə cəlb olunması, müasir laboratoriyaların yaradılması və birgə elmi-tədqiqat imkanlarının genişləndirilməsi Qarabağda rəqabətqabiliyyətli akademik ekosistemin formalaşmasına xidmət edəcək.
O həmçinin vurğulayıb ki, layihənin əhəmiyyəti yalnız mütəxəssis hazırlığı ilə məhdudlaşmır. Bu əməkdaşlıq Qarabağın elmi reinteqrasiyasına, ağıllı şəhər, yaşıl enerji və müasir texnologiyalar istiqamətində inkişafına da yeni imkanlar yarada bilər.
Qeyd edək ki, proqramın reallaşdırılması çərçivəsində 26 avqust 2026-cı ildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İTÜ-nün Qarabağ Universitetində müvafiq akademik bölmələrinin yaradılması ilə bağlı qərar imzalayıb.









