2026-cı ildə magistraturaya qəbul imtahanının 1-ci cəhdində 22 777 nəfərin, 2-ci cəhdində isə 23 078 nəfərin qeydiyyatdan keçməsi müəyyən artım dinamikasını göstərir.
Maraqlıdır, bu fərqləri və birinci cəhd imtahanının çətinliyi ilə bağlı səslənən fikirləri nəzərə alsaq, ikinci cəhd imtahanı daha asan ola bilərmi?
Mövzu ilə bağlı açıqlama verən təhsil eksperti Elçin Əfəndi qeyd edib ki, bakalavrların birbaşa ikinci cəhdə hazırlaşaraq sənəd təsdiq etməsi, ümumi iştirakçı sayını artırmaqla yanaşı, müsabiqə vəziyyətini daha da gərginləşdirir:
“Nəzərinizə çatdırım ki, birinci cəhdlə müqayisədə ikinci cəhddə iştirakçı sayında artım qeydə alınıb. Bu fakt ötən illərdə də müşahidə olunub və nəzərə alsaq ki, əvvəlki illərdə ümumilikdə 26 min nəfərdən çox iştirakçı olub.
Qeyd edim ki, bu artımın səbəblərindən biri birinci cəhddə iştirak etməyən yüzlərlə bakalavrın olmasıdır; həmin şəxslər birbaşa ikinci cəhdə hazırlaşmışdılar. Onlar indi sənədlərini təsdiq etdikləri üçün ümumi iştirakçı sayında artım qeydə alınıb. Bu cür vəziyyət, təbii ki, ümumi rəqabəti daha da gərginləşdirir və müsabiqə vəziyyətini çətinləşdirir”.
İmtahan gününə qədər bir aydan çox vaxt var və bu müddət ərzində bakalavrlar daha ciddi hazırlaşmaqla imtahan suallarını özləri üçün daha əlçatan edə bilərlər:
“İmtahanın daha asan keçməsi ehtimalına gəldikdə isə, düşünürəm ki, birinci cəhddə iştirak edən bakalavrlar üçün kifayət qədər vaxt olub. İndi isə imtahan gününə qədər, yəni 17 may tarixinədək bir aydan çox vaxt var və bu müddət ərzində bakalavrlar daha ciddi hazırlaşmaqla imtahan suallarını özləri üçün daha əlçatan edə bilərlər.
Bu da deməyə əsas verir ki, ciddi hazırlaşan bakalavrlar üçün ikinci cəhdin imtahan sualları birinci cəhdlə müqayisədə daha əlçatan ola bilər. Bu isə ümumilikdə, dediyim kimi, iştirakçı sayının çoxluğu fonunda gərgin müsabiqə şəraitinin olacağını göstərir”.









