Abituriyentlərin ixtisas seçimi prosesi davam edir. Müşahidələr göstərir ki, əvvəlki illərdə valideynlər ixtisas seçimi zamanı övladlarının fikirlərinə kifayət qədər əhəmiyyət vermirdilər. Bu isə valideyn və abituriyent arasında fikir ayrılıqlarına, hətta müəyyən hallarda münaqişələrə səbəb olurdu. Nəticədə bəzi abituriyentlər istəkləri nəzərə alınmadan seçdikləri ixtisas üzrə gələcəkdə çalışmağa maraq göstərmirdilər.
Maraqlıdır, ötən illərlə müqayisədə valideynlərin övladlarının ixtisas seçiminə münasibətində hansısa dəyişikliklər müşahidə olunurmu?
Mövzu ilə bağlı elm və təhsil üzrə ekspert Səbuhi Abdullayev ilə həmsöhbət olub.
Ekspert bildirib ki, hazırda valideynlər ixtisas seçimi zamanı övladlarının fikirlərinə daha çox üstünlük verirlər:
“Bu il ixtisas seçimi prosesi həm həyəcan, həm də gərginliklə müşayiət olunur. Toplanan baldan, yəni bal şkalasından asılı olmayaraq, bütün abituriyentlər və valideynlər narahatlıq keçirirlər. İstər 600-dən yuxarı, istərsə də 300-dən yuxarı bal toplayan abituriyentlərin hər biri öz balına uyğun daha yaxşı ixtisasa qəbul olmaq istəyir.
Bununla yanaşı, ixtisasların gələcək perspektivləri və məzunların işlə təmin olunması ilə bağlı da çoxsaylı suallar yaranır. Lakin bu il əvvəlki illərdən fərqli olaraq, şagirdlərin özləri daha müstəqil şəkildə qərar verir və seçimlərini daha sərbəst ifadə edirlər. Mən də ixtisas seçimi zamanı onların fikirlərinə xüsusi diqqət yetirir, istəklərinə uyğun istiqamət seçmələrini dəstəkləyirəm”.
Gənclər müasir və perspektivli ixtisaslara daha çox maraq göstərirlər
“Təbii ki, burada valideynlərin çəkdiyi əziyyətin rolu böyükdür və bunu danmaq olmaz. Valideynlər istəyirlər ki, övladları gələcəkdə yaxşı iş tapsın və uğurlu peşə sahibi olsunlar. Bununla yanaşı, zamanın tələblərinə uyğun olaraq, gənclər də müasir və perspektivli ixtisaslara üstünlük verməyə başlayıblar.
Artıq vəziyyət əvvəlki kimi deyil. Valideynlər anlayırlar ki, övladları müasir dövrün gəncləridir, onların fərqli düşüncə tərzi, araşdırma bacarıqları və müxtəlif texnoloji vasitələrdən istifadə imkanları var. Bu səbəbdən həmin imkanlar valideynlər tərəfindən də qəbul edilir. Beləliklə, valideynlər abituriyentlərin fikirləri ilə daha çox razılaşır və ixtisas seçimi zamanı onların istəklərinə üstünlük verirlər. Fikrimcə, bu, əvvəlki illərlə müqayisədə kifayət qədər fərqli yanaşmadır”.









