İmtahan öncəsi valideyn və abituriyentlərə ÇAĞIRIŞ – stres və panikanı belə idarə edin….

Sabah II və III qrupların qəbul imtahanı keçiriləcək. İmtahan öncəsi bir çox gəncdə həyəcan, stres və uğursuzluq qorxusu müşahidə olunur.

Xüsusilə bəzi abituriyentlər düşündükləri nəticəni əldə etməyəcəkləri halda valideynlərinin və ətrafın onlara necə reaksiya verəcəyindən narahat olur, bu da onların psixoloji vəziyyətinə təsir edir.

Maraqlıdır, abituriyent imtahan zamanı həyəcanlandıqda və ya panikaya düşdükdə özünü sakitləşdirmək üçün nə etməlidir?

Psixoloq Nizami Orucov danışıb.

O qeyd edib ki, problem həyəcanın olması deyil, onun idarəolunmaz həddə çatmasıdır:

“İmtahan öncəsi həyəcan və stres yaşamaq tamamilə normaldır. Çünki insan beyni önəm verdiyi situasiyaları təhlükə və məsuliyyət kimi qəbul edir. Problem həyəcanın olması deyil, onun idarəolunmaz həddə çatmasıdır. Bir çox abituriyentlər imtahan zamanı panikaya düşdükdə “hər şeyi unutdum” hissi yaşayırlar.

Əslində, isə bu, beynin stres reaksiyasıdır və adətən qısa müddətli olur. Abituriyent imtahan zamanı həyəcanlandıqda ilk növbədə diqqətini qorxuya yox, nəfəsinə yönəltməlidir. Dərin və yavaş nəfəs almaq sinir sistemini sakitləşdirir. Məsələn, 4 saniyə nəfəs almaq, bir neçə saniyə saxlamaq və yavaş şəkildə vermək ürək döyüntüsünü və panikanı azaltmağa kömək edə bilər. Digər vacib məqam isə həmin an özünü ‘məhv oldum’ düşüncəsi ilə daha da gərginləşdirməməkdir. İnsan nə qədər özünü qorxudursa, beyin də bir o qədər bloklana bilir”.

İmtahan həyatın vacib mərhələsidir, amma insanın dəyərini müəyyən edən yeganə göstərici deyil:

“İmtahan öncəsi “az bal toplasam valideynim mənə nə deyər?” düşüncəsi bir çox gəncdə ciddi psixoloji təzyiq yaradır. Bu zaman abituriyent təkcə imtahandan yox, qəbul olunmamaq və dəyərsiz görünmək qorxusundan da stres yaşayır. Xüsusilə sevgini və dəyəri nəticə ilə əlaqələndirən mühitdə böyüyən uşaqlarda bu qorxu daha güclü olur.

Uzunmüddətli təzyiq isə özünəinamı azalda, emosional tükənmişlik yarada və hətta gəncin performansına mənfi təsir göstərə bilər. Çünki həddindən artıq qorxu diqqət və yaddaş proseslərini zəiflədir. Bu təzyiqi azaltmaq üçün valideynlərin yanaşması çox önəmlidir. Uşağa “mütləq yüksək nəticə toplamalısan” mesajı vermək əvəzinə, onun zəhmətini və çalışmasını görmək lazımdır. Abituriyent bilməlidir ki, nəticədən asılı olmayaraq ailəsi tərəfindən qəbul olunur və dəyərlidir.

Ən vacib mesaj isə budur: imtahan həyatın vacib mərhələsidir, amma insanın dəyərini müəyyən edən yeganə göstərici deyil. Gənc özünü bir nəticə ilə yox, bütöv şəxsiyyət kimi görməyi öyrəndikdə stresi daha sağlam idarə edə bilir”.

Rəy Yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Seçilən İmtahanlarımız