İkinci şans imtahanı öncəsi mühüm proqnoz – sualların çətinliyi ilə bağlı GÖZLƏNTİLƏR !

Həftəsonu II və III ixtisas qrupları üzrə ikinci (şans) qəbul imtahanı keçiriləcək. Bu imtahan ödənişli olsa da, hər il iştirakçı sayı kifayət qədər çox olur. Bunun əsas səbəblərindən biri abituriyentlərin ikinci cəhd imtahanının daha asan keçəcəyini düşünmələridir.

Bununla belə, əvvəlki illərin nəticələri göstərir ki, bəzi abituriyentlər ikinci cəhddə ballarını artırmaq əvəzinə, əksinə, daha aşağı nəticə əldə edirlər.

Bəs yaxın günlərdə keçiriləcək ikinci şans qəbul imtahanlarında sualların çətinlik səviyyəsi və strukturu necə olacaq?

Mövzu ilə bağlı danışan təhsil eksperti Məzahir Məmmədli bildirib ki, ikinci cəhd bəzi abituriyentlər üçün üstünlük yaratsa da, bu, hər kəs üçün eyni nəticəni vermir:

“Artıq bir qayda olaraq, yüksək bal toplayan abituriyentlər belə blok imtahanından sonra ikinci cəhdi səbirsizliklə gözləyirlər. Hərçənd bu imtahan ödənişlidir, cəmiyyətdə belə bir fikir də formalaşıb ki, ikinci mərhələdə suallar nisbətən daha asan olur. Təcrübə göstərir ki, bəzi abituriyentlər ilk imtahanın stressini geridə qoyaraq daha rahat şəkildə imtahana girir və daha yaxşı nəticə əldə edirlər. Lakin bunun əksi ilə də rastlaşırıq. İkinci cəhddə daha aşağı bal toplayanlar da olur. Bu, əsasən abituriyentin hazırlıq səviyyəsindən, psixoloji vəziyyətindən və özünü necə toparlamasından asılıdır. Çoxları düşünür ki, ikinci cəhddə balını 10-15 xal artırmaqla istədiyi ixtisasa qəbul ola biləcək”.

Ekspertin sözlərinə görə, əvvəlki illərin statistikası ikinci cəhd imtahanlarının nisbətən daha rahat keçdiyini göstərir:

“Digər tərəfdən, hesab edirəm ki, ödənişli ikinci cəhd imtahanları Dövlət İmtahan Mərkəzi üçün əlavə maliyyə mənbəyidir. Abituriyentlər isə bu imtahana ilk cəhddən fərqli olaraq daha az həyəcanla və daha hazırlıqlı şəkildə gəlirlər. Bu da onların psixoloji üstünlük qazanmasına kömək edir. Keçmiş illərin təcrübəsi göstərir ki, ikinci cəhd imtahanlarında balını 20-30, hətta 50 bal artıran abituriyentlər də olub. Ancaq sualların nisbətən asan olması bütün iştirakçıların nəticəsinin yüksələcəyi anlamına gəlmir”.

Məzahir Məmmədli bunu konkret nümunə ilə izah edib:

“Məsələn, buraxılış imtahanında 150-dən çox bal toplayan bir abituriyent ilk blok imtahanında cəmi 50-60 bal toplamışdı. Valideyni ilə söhbətdən məlum oldu ki, abituriyent imtahan zamanı həddindən artıq həyəcan keçirdiyi üçün potensialını göstərə bilməyib. Belə hallarda ikinci cəhd onun üçün əlavə stimul rolunu oynayır”.

Ekspert sonda qeyd edib ki, ikinci cəhd imtahanına balını artırmaq ümidi ilə qatılanların sayı kifayət qədər çoxdur və onların bir qismi həqiqətən də məqsədinə çatır.

Rəy Yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Seçilən İmtahanlarımız