Dövlət ümumi təhsil müəssisələrində direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə elektron sənəd qəbulu mərhələsi başlayır.
Məlumatı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) yayıb.
Məlumata əsasən, elektron qeydiyyat avqustun 18-də saat 11:00-da açılacaq və avqustun 21-də saat 17:00-da başa çatacaq.
Namizədlər müsabiqədə iştirak üçün miq.edu.az/direktor elektron portalında qeydiyyatdan keçə bilərlər.
Bildirilib ki, müsabiqə Elm və Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş şəkildə, proqram təminatı vasitəsilə təşkil olunacaq. Müsabiqə seçim və müsahibə olmaqla iki mərhələdən ibarətdir.
Seçim mərhələsində namizədlər tərəfindən təqdim olunan məlumat və sənədlərin uyğunluğu yoxlanılacaq. Bu mərhələni uğurla keçən iştirakçılar müsahibəyə dəvət olunacaqlar. Namizədlərin müsahibəyə çağırılması müəyyən edilmiş qaydalara əsasən ardıcıllıqla həyata keçiriləcək.
Müsahibələr Elm və Təhsil Nazirliyinin yaratdığı müvafiq komissiyalar tərəfindən aparılacaq. Bu mərhələdə namizədlərin liderlik və strateji idarəetmə, pedaqoji və tədris, idarəçilik və təşkilatçılıq, ünsiyyət və əlaqə, problem həlli və qərarvermə, rəqəmsal və texnoloji, eləcə də sosial-emosional bacarıqları qiymətləndiriləcək.
Namizədlər müsabiqənin nəticələrini şəxsi səhifələri vasitəsilə izləyə biləcəklər.
Müsabiqədə uğur əldə edən namizədlərlə əmək münasibətləri mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə rəsmiləşdiriləcək.









