“Şagirdlər buraxılış imtahanında Azərbaycan dili və ingilis dili suallarına daha çox vaxt sərf etdikləri üçün riyaziyyata vaxt çatdıra bilmirlər. Essenin əlavə edilməsi isə vəziyyəti daha da çətinləşdirəcək”.
Bu sözləri açıqlamasında təhsil məsələləri üzrə mütəxəssis, riyaziyyat müəllimi Rəşad Cabbar qeyd edib:
“2026-cı ildə buraxılış imtahanlarında, mənə görə, çətin deyil, daha çox vaxt aparan suallar üstünlük təşkil edirdi. Getdikcə bu cür sualların sayı artır – həm ingilis dilində, həm də Azərbaycan dilində. Artıq elə bir vəziyyət yaranıb ki, şagirdlər riyaziyyat fənninə kifayət qədər vaxt ayıra bilmir, bu fəndən çox az suala cavab verməyə vaxt tapırlar.
Gələn ildən essenin əlavə edilməsi vəziyyəti, məncə, daha da pisləşdirəcək. Hesab edirəm ki, essenin əlavə edilməsi o qədər də uğurlu addım deyil. Onsuz da şagirdlərə kifayət qədər dinləmə mətni təqdim olunur. Bəs esse nəyə xidmət edir? Şagird dinləmə mətnini başa düşüb sualları cavablandıra bilirsə və qrammatikanı bilirsə, bu, orta məktəb səviyyəsində kifayət edir. Daha yüksək səviyyəli bilikləri universitetdə təhsil alarkən və magistraturaya qəbul imtahanlarında yoxlamaq olar.
Essenin əlavə edilməsi, təbii ki, riyaziyyatın ümumi nəticələrdəki payına da təsir edəcək. Çünki şagirdlər ana dili və ingilis dilinə daha çox vaxt ayırmalı olacaqlar. Bu, o qədər də uğurlu seçim deyil və yaxşı nəticə verməyəcək. Mənə elə gəlir ki, imtahan modeli olduğu kimi qalsaydı, daha yaxşı olardı. Şagirdlərin səviyyəsini ölçmək üçün dinləmə sualları da kifayət edirdi”.
Buraxılış imtahanında esse və mətn sualları əvəzinə məntiq tapşırıqlarına yer verilməsi daha məqsədəuyğun olardı:
“Növbəti illərdə, yəqin ki, yüksək nəticələr göstərənlərin sayında yenə də artım gözlənilməyəcək. Bəli, 700 və 650 bal toplayanlar olacaq, amma əvvəlki illə müqayisədə yüksək nəticə göstərənlərin sayı çox güman ki, azalacaq. Əgər imtahan modelləri bu şəkildə mürəkkəbləşdirilsə, belə bir nəticənin ortaya çıxması mümkündür.
Hətta mən ingilis dilindən esse, dinləmə mətnləri və bu tipli sualların əvəzinə məntiq fənninin əlavə edilməsini daha məqsədəuyğun hesab edərdim. Çünki araşdırsaq, görərik ki, digər ölkələrdə də, əsasən, qəbul imtahanlarında AQD-dən, yəni məntiq suallarından istifadə olunur. Bizdə isə məntiq fənnini aradan qaldırmışıq və yalnız magistratura səviyyəsində məntiqi təfəkkürü yoxlayırıq. Əvvəl MİQ imtahanlarından məntiq suallarını çıxardılar, indi də görürük ki, bu fənnə artıq o qədər də yer verilmir.
Mənə elə gəlir ki, ingilis dilindəki dinləmə suallarının və essenin, eləcə də Azərbaycan dilindəki mətn suallarının əvəzinə buraxılış imtahanına məntiq suallarının daxil edilməsi daha məqsədəuyğun olardı”.









