Ali təhsil müəssisələrində dərslərin 3 günlük distant formada keçirilməsi şəhərdəki nəqliyyat sıxlığını kifayət qədər azaltdı. Lakin müşahidələr göstərir ki, istər universitetlər, istərsə də abituriyentlər distant təhsil modelinə hələ də biganə yanaşırlar.
Maraqlıdır, gələcəkdə müəyyən ixtisasların tam və ya qismən distant formaya keçirilməsi mümkündürmü? Ümumiyyətlə, cəmiyyətdə və təhsil mühitində distant təhsilə olan yanaşmanı köklü şəkildə dəyişmək üçün hansı yeniliklərə ehtiyac var?
“Mövcud vəziyyətlə əlaqədar həm Formula 1 yarışları, həm də metropolitendə aparılan təmir-tikinti işləri səbəbindən ali təhsil müəssisələrində müvəqqəti olaraq distant təhsil formasına keçilməsi nəzərdə tutuldu. Bu addım tələbələrin universitetlərə rahat gedib-gəlməsi və nəqliyyat infrastrukturundakı sıxlığın aradan qaldırılması məqsədilə atıldı.
Azərbaycanda ali təhsil müəssisələri artıq distant təhsil fəaliyyətinə başlamalıdır. Beynəlxalq təcrübəyə baxsaq, inkişaf etmiş ölkələrdə və Türkiyənin Anadolu Universitetində milyonlarla tələbə distant təhsil alır və bu, universitetə böyük maddi qazanc gətirir.
Bizdə də bəzi universitetlərdə distant təhsil formasını tətbiq etmək olar. Əyani təhsil nəzəri və praktiki biliklərin mənimsənilməsində üstün rol oynasa da, praktiki biliklərin o qədər də böyük əhəmiyyət kəsb etmədiyi ixtisaslarda distant təhsili rahatlıqla tətbiq etmək mümkündür. Məsələn, pedaqoji, sosial, psixologiya, kompüter yönümlü ixtisaslar, mühasibatlıq və turizm kimi sahələrdə uzaqdan təhsil tətbiq edilə bilər. Hüquq və mühəndislik kimi praktiki biliklər tələb edən ixtisaslarda isə bu bir qədər çətindir”.
Universitetləri Bakının mərkəzindən kənara çəkmək lazımdır:
“Distant təhsilə keçidi müəyyən məhdud universitetlərlə məsələn, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universitet və Bakı Dövlət Universiteti kimi böyük ali məktəblərlə başlamaq olar. Bu universitetlərdə lazımi pedaqoji dəstəyi göstərə biləcək kifayət qədər müəllim heyəti var.
Müvəqqəti distant təhsilə keçid dövründə nəqliyyat infrastrukturunda müəyyən rahatlama hiss olundu. Bu da göstərir ki, təhsil müddətində sıxlığın yaranması qaçılmazdır. Bakı-Sumqayıt yolunda da tələbələrin gediş-gəlişi azaldığı üçün yollarda rahatlıq təmin olundu.
Ona görə də universitetləri Bakının mərkəzindən kənara çəkmək lazımdır. Universitetlər mərkəzdən kənarlaşdırıldıqda şəhərdə rahatlaşma mümkün olacaq. Bununla yanaşı, bəzi universitetlərdə distant təhsilin tətbiqini də reallaşdırmaq olar”.









