Süni intellektdən düzgün istifadə yolları – Müəllim və şagirdlər üçün FAYDALI TÖVSİYƏLƏR:

Məktəblərdə süni intellektdən istifadənin genişlənməsi şagirdlərin təhsil prosesinə yanaşmasını da dəyişir. Artıq ibtidai siniflərdən yuxarı siniflərə qədər şagirdlərin ev tapşırıqlarını və müxtəlif yazılı işlərini süni intellekt alətləri vasitəsilə hazırlaması halları müşahidə olunur. Bu isə müəyyən mərhələdən sonra şagirdlərin müstəqil düşünmə, araşdırma və yazı bacarıqlarının zəifləməsi ilə bağlı suallar yaradır.

Bəs, görəsən, məktəblərdə süni intellektdən istifadəyə yaş məhdudiyyəti qoyulmalıdırmı?

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən İnformasiya texnologiyaları üzrə mühəndis, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev qeyd edib ki, məktəblərdə süni intellektdən istifadənin genişlənməsi şagirdlərin təhsil prosesinə yanaşmasını da dəyişir:

“Artıq ibtidaidən yuxarı siniflərə qədər şagirdlərin ev tapşırığı və müxtəlif yazılı işlərini süni intellekt vasitəsilə hazırlaması halları müşahidə olunur. Bu isə müəyyən mərhələdən sonra şagirdlərin müstəqil düşünmə, araşdırma bacarıqları ilə yanaşı, yazı vərdişlərinin zəifləməsi ilə bağlı suallar yaradır. Məktəblərdə süni intellektdən istifadəyə tam yaş qadağası qoymaqdansa, hər yaş kateqoriyası və təhsil pilləsinə uyğun istifadə qaydalarını müəyyənləşdirmək daha məqsədəuyğundur.

İbtidai siniflərdə təhsil alan şagirdin əsas məqsədi oxuyub-yazmaq, fikrini dəqiq ifadə etmək, məntiqi əlaqə qurmaq və problem həll etmək kimi fundamental bacarıqları formalaşdırmaqdır. Əgər şagird bu mərhələdə tapşırıq üzərində düşünmək əvəzinə, onun həllini süni intellektin öhdəsinə buraxacaqsa, bu zaman yaxşı hazırlanan mətn əldə edəcək, lakin həmin problemin həlli zamanı qazana biləcəyi bacarıqlardan da məhrum olacaq. Buna görə aşağı yaşlarda süni intellektdən istifadə müəllim və ya valideyn nəzarəti altında, daha çox izah edən və öyrədən vasitə kimi təşkil oluna bilər.

Yuxarı siniflərdə isə yanaşma dəyişə bilər: şagirdlərə süni intellekti qadağan etməkdənsə, ondan daha düzgün istifadəni öyrətmək çox faydalıdır. Şagird süni intellektə işləyən zaman bir çox bacarıqlara sahiblənəcək: məlumatı yoxlamaq, mənbələri müqayisə etmək, yanlış cavabları müəyyənləşdirmək, öz fikri ilə süni intellektin hazırladığı mətni fərqləndirmək və s”.

Əsas məsələ, məncə, “şagird süni intellektdən istifadə edibmi?” deyil, “süni intellekt şagirdin yerinə düşünübmü?” sualı ola bilər:

“Məsələn, mövzunu başa düşmək üçün əlavə izah istəmək, ideyalar toplayıb yazdığı mətn haqqında rəy almaq öyrənməyə yardımçı ola bilər. Amma hər hansı inşanı, layihəni bütövlükdə süni intellektə yazdırıb öz işi kimi təqdim etmək təhsil prosesinin məqsədini zəiflə bilər.

Ona görə də sərt yaş həddindən çox, pilləli model daha uyğun görünür. Kiçik yaşlarda məhdud və nəzarətli istifadə, orta siniflərdə müəllim rəhbərliyi ilə istifadə, yuxarı siniflərdə isə daha sərbəst, lakin şəffaf və məsuliyyətli istifadə. Eyni zamanda məktəblər bəzi tapşırıqları süni intellektsiz məsələn, sinif daxilində yazı, şifahi müdafiə və müzakirə formasında keçirməklə şagirdin həqiqi bilik və düşünmə qabiliyyətini də qiymətləndirə bilərlər”.

Rəy Yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Seçilən İmtahanlarımız