• Bizi izləyin :

Şagirdlərin qiymətləndirilməsi sistemi

Təhsil standartlarının tətbiqinin effektivliyi, obyektivliyi, keyfiyyəti və profesionallığı qiymətləndirmə vasitəsilə həyata keçirilir. Bu baxımdan, təhsil standartları əsasında qiymətləndirmə standartları formalaşır. Qiymətləndirmə, fəaliyyətin spesifik sferasıdır və bir sıra amillər əsasında həyata keçirilə bilər, o cümlədən:

– Effektiv və yüksək nəticələr əldə etmək üçün proqramla əlaqəli ictimai maraqların nəzərə alınması;
– Müəllimin fəaliyyətinin şagirdlərin tələblərinə uyğun olub-olmaması, həmçinin kurikulumda, planlaşdırmada və dərsliklərdə müvafiq dəyişikliklərin aparılması zərurəti haqqında qərar qəbul etmək imkanı yaradılması və s.

“Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası” 13 yanvar 2009-cu ildə təsdiq edilmişdir. Bu Konsepsiya təhsilin keyfiyyətinin müyyənləşdirilməsinə, təlim və tədris prosesinin təkmilləşdirilməsinə, eləcə də təhsildə nailiyyətlərin qiymətləndirilməsi məsələlərinə dair ən etibarlı konseptual sənəddir.

Konsepsiyada məktəbdaxili, milli və beynəlxalq qiymətləndirmə sistemlərinin hazırlanması üzrə əsas prinsiplər, məqsədlər, komponentlər göstərilməklə, tətbiq mexanizmləri təqdim edilmiş, zəruri fəaliyyətlər təsvir olunmuş və gözlənilən nəticələr proqnozlaşdırılmışdır.

Beynəlxalq qiymətləndirmə, ölkəni təmsil edən şagirdlərin təlim göstəriciləri əsasında təhsilin vəziyyəti barədə təsəvvür əldə etmək, müvafiq məlumatları təhlil etməklə problemləri aşkara çıxarmaq, onların həlli yollarını müəyyənləşdirmək, perspektiv inkişaf istiqamətlərini proqnozlaşdırmaq və digər ölkələrlə müqayisə etmək məqsədilə aparılır.

Milli qiymətləndirmə, təhsil prosesinin təşkili, planlaşdırılması və aparıldığı şərait haqqında toplanmış məlumatlar vasitəsilə kurikulumun keyfiyyətini və təhsil sistemində baş verən dəyişiklikləri dəyərləndirmək məqsədilə ümumi orta təhsilin bir pilləsindən digərinə keçid mərhələsində, 4-5 ildən bir həyata keçirilir. Milli qiymətləndirmə sistemi və təhsil standartlarının məqsədi məktəb təhsilinin yüksək səviyyədə təşkilinə və cəmiyyətin dinamik inkişafına xidmət göstərməkdir. Təbii ki, təhsil sistemində aparılan bu dəyişikliklər daha dərin nəzəri və praktik əsaslar üzərində qurularaq, müxtəlif kateqoriyadan olan təhsil işçilərinin elmi, pedaqoji, metodik və mədəni səviyyəsini yüksəldəcək.

Məktəbdaxili qiymətləndirmə dövlət təhsil standartlarının monitorinqini həyata keçirir, bilik və bacarıqları məzmun standartlarına əsasən ölçür və təlim nailiyyətlərini qiymətləndirir. Məktəbdaxili qiymətləndirmə aşağıdakı istiqamətlərdə həyata keçirilir:

1. **Şagird nailiyyətinin qiymətləndirilməsi**: Məktəb səviyyəsində müəllimlər və məktəb rəhbərləri tərəfindən həyata keçirilir. Bu mərhələdə şagirdlərin nailiyyətləri formativ (müntəzəm, davamlı), mikrosummativ (bəhs və bölmələr üzrə) və makrosummativ (yarımilliklər üzrə) formalarda yazılı və şifahi qiymətləndirilir.

2. **Kurikulum üzrə qiymətləndirmə**: Şagirdin təlim nəticələrinin müvafiq məzmun standartlarına uyğunluğunu müəyyənləşdirmək məqsədilə aparılır.

3. **Ümumi təhsil pillələri üzrə yekun qiymətləndirmə**: Mərkəzləşmiş qaydada aparılan buraxılış imtahanları formasında həyata keçirilir və müvafiq təhsil sənədi verilməsi ilə başa çatır.

Məktəbdaxili qiymətləndirmənin həyata keçirilməsində diaqnostik, formativ və summativ qiymətləndirmə növlərindən istifadə olunur.

Rəy Yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Seçilən İmtahanlarımız