DİM sədri: Riyaziyyatdan bəzi suallar 1-2 saniyəyə cavablandırıla bilərdi…

“Buraxılış imtahanlarında təhlil tələb edən, düşündürücü suallar tərtib etmişik”.

Bu sözləri Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə ASAN Radio”ya müsahibəsində qeyd edib.

Sədr qeyd edib ki, əzbərçiliyə üstünlük verən abituriyentlər tərtib edilən sualların cavablandırılmasında çətinlik çəkirlər:

“Naxçıvan istisna olmaqla tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarının nəticələri elan olunub. Nəticələr tam açıqlandıqdan sonra ötən illə bu ilin müqayisəsini daha dəqiq aparmaq mümkün olacaq. Lakin ilkin müqayisə apardıqda biz gördük ki, bu nəticələr bizim gözlədiyimiz göstəricilərdir.

Ötən ilin nəticələri ilə müqayisədə kəskin fərq müşahidə olunmur. Çünki biz bilirdik ki, daha çox təhlil tələb edən, düşündürücü suallar tərtib etmişik. Proqram çərçivəsindən isə heç vaxt kənara çıxılmayıb.

Biz bu imtahanla təkcə biliyi deyil, eyni zamanda şagirdlərin koqnitiv bacarıqlarını da qiymətləndiririk. Ona görə də ola bilər ki, bəzi məsələlərə şagirdlər hələ tam hazır deyillər. Əgər onlar imtahana hazırlıq zamanı daha çox əzbərçiliyə üstünlük veriblərsə, təhlil aparmaq, müstəqil fikir yürütmək və tətbiqetmə bacarıqlarını kifayət qədər inkişaf etdirməyiblərsə, bu tip suallar onlara çətin görünə bilər”.

Bəzi sualları cavablandırmaq üçün 1-2 saniyə kifayətdir:

“Halbuki ilkin anlayışı olan hər bir şəxs bu suallara düşünərək cavab verə bilər. Riyaziyyatdan bəzi suallar var idi ki, onları 1-2 saniyəyə cavablandırmaq olardı. Məsələn, riyaziyyatdan ilk 18 sualın cavablandırılmasına təxminən 10 dəqiqə, qalan 7 açıq tipli sualın hər birinə isə təxminən 5 dəqiqə vaxt ayırmaq kifayət edir. Beləliklə, riyaziyyat fənni üzrə ümumilikdə 1 saat ərzində həm sualları cavablandırmaq, həm də kodlaşdırmanı yerinə yetirmək mümkün olur”.

Biz nəticələri ötən illə müqayisə etdikdə orta balda 1-2 bal azalma olduğunu görürük:

“Təbii ki, Naxçıvanda keçirilən buraxılış imtahanlarının nəticələri də elan olunduqdan sonra daha dəqiq və yekun müqayisə aparmaq mümkün olacaq”.

Rəy Yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Seçilən İmtahanlarımız