“Son illər ali təhsildə keyfiyyətə yönəlmə artıq qaçılmazdır. Sadəcə plan doldurmaq yox, real nəticə görmək mərhələsindəyik. Bu baxımdan, məzunların əmək bazarındakı uğur göstəriciləri əlbəttə ki, nəzərə alınmalıdır, amma meyar kimi yox”.
Bununla bağlı açıqlamasında Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Günay Əkbərova qeyd edib.
Onun sözlərinə görə, bir universitetin məzunları əmək bazarında daha tez iş tapır, ixtisasına uyğun çalışır və peşəkar inkişaf göstərirsə, bu, həmin ali məktəbdə tədris keyfiyyətinin, proqramların əmək bazarına uyğunluğunun və akademik idarəetmənin effektivliyinin göstəricisi ola bilər:
“Belə olduqda, növbəti il dövlət sifarişinin müəyyən hissəsinin nəticəyönümlü model əsasında bölüşdürülməsi məntiqli görünür. Lakin burada çox vacib bir məqam var. Əmək bazarındakı uğur yalnız universitetin göstəricisi deyil. Region faktoru, ixtisasın xüsusiyyəti, ölkədə iqtisadi prioritetlər, hətta tələbənin sosial kapitalı da rol oynayır. Məsələn, texniki və İT sahələri ilə humanitar sahələrin məşğulluq dinamikası eyni ola bilməz. Bu səbəbdən model qurularkən sahələr üzrə diferensial yanaşma tətbiq edilməlidir.
Dünya təcrübəsində xüsusilə performans əsaslı maliyyələşmə modelindən istifadə edən ölkələrdə məşğulluq göstəriciləri əsas indikatorlardan biri kimi götürülür, lakin yanında digər meyarlar da olur. Elmi nəticələr, beynəlxalqlaşma, tələbə məmnuniyyəti, sosial inklüzivlik və s. Yəni söhbət “yalnız iş tapdısa – bal yüksəkdir” yanaşmasından getmir.
Məncə ən doğru yanaşma bu ola bilər. Dövlət sifarişi yerlərinin müəyyən faizi strateji ixtisaslara görə planlaşdırılsın. Müəyyən hissəsi isə nəticəyönümlü indikatorlara bağlansın. Və bütün bunlar şəffaf, ölçülə bilən, ictimaiyyətə açıq meyarlarla həyata keçirilsin.
Əsas məqsəd universitetləri cəzalandırmaq yox, onları inkişaf modelinə keçirmək olmalıdır. Əgər sistem siqnal verirsə ki, “əmək bazarına uyğun proqram qur, keyfiyyəti artır və daha çox dəstək al”, bu, sağlam rəqabət mühiti yaradar. Bu mənzərədən ümumi bu qənaətə gəlirik ki, məşğulluq göstəriciləri nəzərə alınmalıdır, amma ağıllı, balanslı və çoxmeyarlı model çərçivəsində. Təhsil sistemində impuls qərarlar yox, strateji mexanizmlər işləməlidir”.
Mənbə : Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Günay Əkbərovanın verdiyi məlumata əsasən









