Abituriyentlərin DİQQƏTİNƏ! – DİM imtahanla bağlı vacib qaydaları AÇIQLADI !

Martın 9-u 11 illik təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək. 

Dövlət İmtahan Mərkəzi (DİM) keçiriləcək imtahanla bağlı abituriyentlərə tövsiyələr verib.

Bildirilib ki, tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında hər fənn üzrə müəyyən sayda tapşırıq yazı işi (ətraflı həll və ya cavab yazılması tələb olunan) tapşırıqlarıdır. Qarşıdan gələn bu imtahanlarda daha rahat və effektiv nəticə əldə etməyinizə faydalı ola biləcək bir neçə tövsiyəni diqqətinizə çatdırırıq. Burada əvvəlcə imtahanda davranış qaydaları və imtahan sənədlərinə aid bir neçə tövsiyə qeyd edilib. Sonra isə konkret fənlər üzrə yazı işi tapşırıqlarını yerinə yetirərkən diqqət edilməli məqamlar yazılıb.

1. İmtahana gələrkən buraxılış vərəqəsini, şəxsiyyəti təsdiq edən sənədin əslini və tünd-göy (və ya qara) rəngdə yazan diyircəkli qələm gətirməyi unutmayın;

2. “İmtahana buraxılış vərəqəsi”ində göstərilən vaxtdan gec olmayaraq imtahan binasına gəlin;

3. İmtahana telefon, planşet, qulaqlıq, çanta, kitab, dəftər, hesablama maşını (kalkulyator), şparqalka, alışqan və digər əlavə vəsaitlər (ləvazimatlar) gətirmək qadağandır;

4. İmtahan zalında buraxılış vərəqəsində göstərilən yerdə əyləşin;

5. İmtahan zalında imtahan qaydalarına və sakitliyə tam riayət etmək lazımdır;

6. Zal nəzarətçisinin sizə verdiyi cavab vərəqində və sual kitabçasında yazılmış məlumatların sizə aid olduğunu dəqiqləşdirin, uyğunsuzluq olduqda dərhal nəzarətçiyə bu barədə məlumat verin;

7. Sual kitabçasını və cavab vərəqini qatlamayın, əzməyin, orada lazımsız qeydlər etməyin;

8. Sual kitabçasında yazılmış qeydlər hüquqi əsasa malik deyil. Topladığınız bal hesablanarkən yalnız cavab vərəqindəki qeydləriniz nəzərə alınır;

9. İmtahanda köçürmək və digər şagirdlərin köçürməsinə şarait yaratmaq qəti qadağandır. İmtahanın nəticələri emal olunarkən belə hal aşkarlanarsa, həmin şagirdlərin nəticələri ləğv ediləcəkdir;

10. Tapşırıqları cavablandırmaq üçün ayrılmış vaxt tamam olduqda cavab vərəqinizi mütləq nəzarətçiyə təhvil verin;

11. Yazı işi tapşırıqlarını səliqəli və oxunaqlı xətlə yazmaq lazımdır. Belə ki, yazı işi səliqəsiz, qarışıq və ya dağınıq xətlə yazıldıqda onun oxunmasında ciddi çətinlik yaranır və bəzi hallarda belə yazı işlərini ümumiyyətlə oxuyub qiymətləndirmək mümkün olmur;

12. Yazı işlərini yerinə yetirərkən tünd-göy və ya qara rəngli diyircəkli qələmdən istifadə etmək tövsiyə olunur;

13. Hər bir tapşırığı cavab vərəqində həmin tapşırıq üçün ayrılmış hissədə yerinə yetirmək lazımdır. Bu zaman cavab vərəqindəki həmin hissə tapşırığın sual kitabçasındakı nömrəsinə uyğun olmalıdır;

14. Hər bir tapşırığı cavab vərəqində onun üçün ayrılmış hissədə çərçivədən kənara çıxmadan yerinə yetirmək lazımdır. Belə ki, cavab vərəqlərinin elektron təsvirləri hər tapşırıq üzrə ayrıldığı üçün çərçivədən kənarda yazılan hissələr bəzən təsvirdən kənarda qalır və bu hal həmin yazı işinin qiymətləndirilməsinə təsir göstərir.

Mənbə : Dövlət İmtahan Mərkəzinin verdiyi məlumata əsasən

Rəy Yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Seçilən İmtahanlarımız