Bütün buraxılış imtahanları eyni gündə keçirilməlidir? – müəllimlərdən DİM-ə ÇAĞIRIŞ

Son zamanlar buraxılış imtahanları ilə bağlı cəmiyyətdə müxtəlif müzakirələr aparılır. 9 mart tarixində keçirilən buraxılış imtahanının abituriyentlərin iddiasına görə çətin olması qeyd edildikdən sonra imtahanların təşkili ilə bağlı fərqli təkliflər səsləndirilir.

Bu təkliflər arasında buraxılış imtahanlarının iki dəfə, ayrı-ayrı vaxtlarda keçirilməsi də yer alır. Digər bir təklif isə imtahanın yalnız bir dəfə olmaqla bütün abituriyentlər üçün eyni vaxtda təşkil edilməsidir.

Mövzu ilə bağlı açıqlama verən “İlin gənc müəllimi” müsabiqəsinin qalibi Əlihüseyn Yaqubov bildirib ki, mütəxəssislər sualları eyni səviyyədə hazırlamağa çalışsalar da, yenə də müəyyən problemlər ortaya çıxır:

“Düşünürəm ki, bütün imtahanlar şagirdlər eyni zamanda keçirilməlidir. Çünki zonalara bölünərək imtahanların müxtəlif vaxtlarda keçirilməsi halları var və şagirdlər fərqli vaxtlarda imtahan verirlər. Təbii ki, bu, eyni suallarla həyata keçirilə bilməz. İmtahanların fərqli vaxtlarda keçirilməsi isə əsas bir problemi ortaya çıxarır ki, bu da sualların səviyyəsi məsələsidir.

Nə qədər mütəxəssislər sualları eyni səviyyədə hazırlamağa çalışsalar da, yenə də müəyyən problemlər yaranır. Hətta problem olmasa belə, insanlar bunu tez-tez müzakirə mövzusuna çevirirlər ki, birinci zonanın imtahanı daha çətin idi, ikinci zonanın imtahanı isə daha asan idi və ya əksinə. Yəni bu tip müzakirələrə yol açılır.

Əslində imtahanların hamısının eyni zamanda keçirilməsi və eyni suallar əsasında təşkil olunması daha məqsədəuyğun olardı. Əlbəttə, biz nə qədər bunu ədalətli qurmağa çalışsaq da, həm insanların psixologiyasında müəyyən suallar yaranır, həm də istər-istəməz eyni tipli imtahanın fərqli zamanlarda və fərqli suallarla keçirilməsi nə qədər ədalətli olduğu barədə düşüncələr ortaya çıxır.

İllər əvvəl də bunun nümunələrini çox görmüşük. Məsələn, eyni səviyyəli iki şagirdi götürək. Tutaq ki, hər ikisinin potensialı 100 bal üzərindən 70 bal toplamaqdır. Onlardan biri nisbətən çətin imtahana düşür və 70 bal yığır. Digəri isə nisbətən asan imtahana düşür və 75 bal yığır.

Belə olan halda imtahanın bu formada təşkili digər şagirdlərin haqqına girmək deməkdir. Ona görə də bu məsələlər mütləq şəkildə araşdırılmalı və müvafiq qurum bu məsələ üzərində düşünməlidir. Çünki bu imtahanlar bu formada davam etdikcə, suallar və narazılıqlar da artmaqda davam edəcək”.

“İlin gənc müəllimi” müsabiqəsinin qalibi Aynur Axundova isə bildirib ki, imtahan variantlarına baxdıqda bəzi hallarda zonalar arasında mövzuların paylanmasının belə fərqli olduğu görünür:

“Hazırda buraxılış imtahanları iki zona üzrə fərqli günlərdə və müxtəlif variantlarla keçirilir. Lakin bir çox hallarda həm şagirdlər, həm də müəllimlər ikinci zonada keçirilən imtahanın daha çətin olduğunu düşünürlər. İmtahandan sonra bu məsələ tez-tez müzakirə olunur və şagirdlər arasında müəyyən narazılıqlar yaranır.

Problemin əsas tərəfi ondadır ki, sonda hər iki zonadan olan şagirdlər eyni universitetlərə, hətta eyni fakültələrə qəbul olurlar. Lakin onlar fərqli variantlarda və bəzən çətinlik səviyyəsi fərqli olan suallara cavab vermiş olurlar. Bu isə nəticələrin ədalətliliyi ilə bağlı suallar yaradır.

Bu mövzu ilə bağlı çox vaxt Dövlət İmtahan Mərkəzi tərəfindən bildirilir ki, suallar balanslaşdırılmış şəkildə hazırlanır. Lakin imtahan variantlarına baxdıqda görünür ki, bəzi hallarda zonalar arasında mövzuların paylanması belə fərqli olur. Bütün mövzuların əhatə olunması müsbət haldır, lakin bu vəziyyət çətinlik səviyyəsi baxımından tam bərabərlik yaratmaya bilər.

Təklifim ondan ibarətdir ki, buraxılış imtahanları eyni gündə keçirilsin. Variantlar isə sadəcə sualların yerlərinin dəyişdirilməsi ilə deyil, bütün mövzuları əhatə edən, lakin məzmunca fərqli hazırlanmış suallarla təşkil olunsun.

Bu yanaşma həm köçürmə riskini minimuma endirər, həm də zonalar arasında çətinlik fərqi ilə bağlı yaranan narazılıqları aradan qaldıra bilər. Nəticədə bütün abituriyentlər üçün daha ədalətli və şəffaf imtahan mühiti formalaşar”.

Rəy Yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Seçilən İmtahanlarımız