Mövzu ilə bağlı təhsil eksperti Məzahir Məmmədli danışıb. Ekspert bildirib ki, müasir proqram təminatı mövcud olsa da, rəqəmsal sistemə tam keçid üçün hər bir məktəbin zəruri avadanlıq və sürətli internetlə təchiz olunması əsas şərtdir: “Artıq Bakı şəhərində və şagird sayı çox olan böyük məktəblərdə KSQ və BSQ-lər elektron qaydada keçirilir. Təəssüf ki, bu proses hələ bütün məktəbləri əhatə etmir. Bunun əsas səbəbi bəzi təhsil müəssisələrində maddi-texniki bazanın zəif olmasıdır. Əgər bütün məktəblər kompüter, planşet və digər zəruri avadanlıqlarla təmin olunsa, bu sistemi hər yerdə tətbiq etmək mümkün olar. Hazırda bu sahə üzrə xüsusi proqram təminatı mövcuddur və tətbiq prosesində hər hansı ciddi çətinlik yoxdur. Əsas məsələ texniki təchizatla bağlıdır. Kompüter və planşet təminatı yüksək olan məktəblərdə bu imtahanların elektron qaydada keçirilməsi artıq mümkündür. Lakin bəzi məktəblərimiz, xüsusilə ucqar ərazilərdə yerləşənlər, hələ də sürətli və genişzolaqlı internetlə təmin olunmayıblar ki, bu da prosesin tətbiqini çətinləşdirir”. Elektron sistemi idarə edəcək kadr çatışmazlığı da mühüm problemlərdən biridir: “Digər mühüm məsələ kadr çatışmazlığıdır. Bəzi təhsil müəssisələrində bu sistemi idarə edə biləcək İKT mütəxəssisləri yoxdur. Hazırda məktəblərdə informasiya texnologiyalarını dərindən bilən və bu sistemin koordinasiyasını təmin edə biləcək mütəxəssislərə ciddi ehtiyac var. Bu səbəbdən ölkə üzrə bütün məktəblərdə elektron qiymətləndirmə üçün lazımi şərait hələ tam formalaşmayıb”. Həm böyük məktəblərdə, həm də regionlarda KSQ və BSQ-lərin mərkəzləşdirilmiş sistem vasitəsilə keçirilməsi daha məqsədəuyğun olardı: “Bu prosesi rayon mərkəzlərində və ya müvafiq İKT infrastrukturuna malik olan iri məktəblərdə təşkil etmək mümkündür. Lakin hazırda bu yanaşma tam tətbiq edilmədiyi üçün əksər məktəblərdə summativ qiymətləndirmələr hələ də ənənəvi qaydada, kağız daşıyıcılar üzərindən həyata keçirilir”.
Mənbə : Təhsil eksperti Məzahir Məmmədlinin verdiyi məlumata əsasən.