Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələrinin növbəti ildönümüdür. Qanlı Yanvar gecəsi azadlığımız, müstəqilliyimiz uğrunda canlarını qurban verən oğul və qızlarımız arasında şagirdlərimiz də oldu. Onlar Larisa Məmmədova, İlqar İbrahimov, Vera Bessantina və Nəriman Hüseynovdur. Həmin o faciə yaşanılan günə qədər şagird kimi öz doğma məktəblərinə sevə-sevə gedirdilər. Hər birinin xəyalları, arzuları, sevimli müəllimi və sinif yoldaşları var idi. Larisa Məmmədova Bakıdakı 132-134 nömrəli Təhsil Kompleksinin, İlqar İbrahimov 167 nömrəli tam orta məktəbin VII sinif şagirdləri idi. 15 yaşlı Nəriman Hüseynov isə paytaxtdakı 42 nömrəli tam orta məktəbdə VIII sinifdə oxuyurdu. Faciənin qurbanı olan daha bir məktəblimiz- Vera Bessantina 258 nömrəli tam orta məktəbin XI sinif şagirdi idi. Onların hər birinin yarımçıq qalan ömür hekayəsi, faciənin qurbanı olması insanı sarsıdır, dəhşətə gətirir.
Azərbaycan tarixinə “Qanlı Yanvar” faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələrinin növbəti ildönümüdür. Edusinaq.az xatırladır ki, həmin gündən 36 il ötür. Edusinaq.az bildirir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin qərarı ilə Sovet İttifaqının Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinə tabe olan silahlı qüvvələr Bakıya və respublikanın bir sıra bölgələrinə yeridilib. Həmin gecə sovet ordusu dinc və silahsız insanlara qarşı ağır hərbi texnika və müxtəlif silah növlərindən istifadə edərək kütləvi qırğın törədib. Şəhərin hərbi hissələr tərəfindən nəzarətə götürülməsi misilsiz qəddarlıqla müşayiət olunub. Fövqəladə vəziyyət rəsmi şəkildə elan edilməzdən əvvəl 82 nəfər vətəndaş qətlə yetirilib, 20 nəfər isə aldıqları ağır xəsarətlər nəticəsində həyatını itirib. Fövqəladə vəziyyət tətbiq edildikdən sonrakı günlərdə isə Bakı şəhərində daha 21 nəfər öldürülüb. Bundan əlavə, fövqəladə vəziyyət elan olunmayan bölgələrdə də qanlı hadisələr yaşanıb. Yanvarın 25-də Neftçalada, yanvarın 26-da isə Lənkəranda səkkiz nəfər sovet hərbi birləşmələri tərəfindən qətlə yetirilib. Ümumilikdə, 20 Yanvar faciəsi zamanı 150 nəfər şəhid olub, 744 nəfər yaralanıb, 841 nəfər isə qanunsuz şəkildə həbs edilib. Faciənin növbəti ildönümü münasibətilə Edusinaq.az-ın əməkdaşları da Şəhidlər xiyabanını ziyarət edərək, Vətən uğrunda canından keçən şəhidlərin xatirəsini dərin hörmət və ehtiramla anıblar.