Müəllimlik cəmiyyətin gələcəyini formalaşdıran, böyük məsuliyyət və fədakarlıq tələb edən peşələrdən biridir. Bu peşəni seçən insanlar təkcə bilik ötürmür, eyni zamanda şəxsiyyət yetişdirir, dəyərlər aşılayırlar.
Təhsil sahəsində öz əməyilə fərqlənən, işinə vicdanla yanaşan müəllimlər isə hər zaman seçilir və nümunə göstərilirlər. Belə uğurlu müəllimlərdən biri də ibtidai sinif müəllimi, “İlin gənc müəllimi – 2024” müsabiqəsinin qalibi İlahə Tağıyevadır. O, qeyd edib ki, 12 ildir pedaqoji fəaliyyətlə məşğuldur: “2012-ci ildə təhsilimi bitirən kimi MİQ (Müəllimlərin İşə Qəbulu) imtahanında iştirak etdim. İmtahandan uğurla keçərək Bakı şəhəri, Binə qəsəbəsində yerləşən 326 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyətə başladım. İlk imtahanda, ilk cəhddə sinif mənə həvalə olundu və həmin ildən etibarən fasiləsiz olaraq bu məktəbdə çalışıram. Bu gün artıq 12 ildən çoxdur ki, eyni məktəbdə, eyni sevgi və məsuliyyətlə müəllimlik edirəm. Açıq desəm, bütün pedaqoji təcrübəmi, müəllim kimi formalaşma yolumu məhz bu məktəbdə keçmişəm. Tələbəlikdən birbaşa müəllimliyə keçdim və başqa sahədə çalışmadan, yalnız müəllimliyə fokuslandım”. İlk gündən I sinif otağına daxil olduğunu bildirən müsahibimiz qeyd edib ki, bu onun üçün böyük üstünlük olub: “Çünki təhsilin təməl mərhələsindən başlamaq müəllimin həm məsuliyyətini, həm də imkanlarını artırır. Daim öz üzərimdə işləməyə, yenilikləri tətbiq etməyə çalışmışam. Texniki imkanların çox məhdud olduğu dövrlərdə belə sinfə öz kompüterimi gətirir, partanın üzərinə qoyaraq uşaqlara vizual materiallarla dərs keçirdim. Məqsədim uşaqlarda öyrənməyə maraq yaratmaq idi. Texnologiya ilə tədrisə xüsusi önəm verirəm. Çünki müasir dövrün uşaqları fərqli düşünür, fərqli qavrayırlar. Məsələn, vurma cədvəlini ənənəvi üsulla izah etdikdə maraq zəif ola bilər, amma oyunlar və interaktiv proqramlarla təqdim etdikdə bu biliklər yaddaşda daha qalıcı olur”. Mənim üçün əsas prinsip “əylənərək öyrənmək”dir