Tibb kolleclərinə yüksək marağa baxmayaraq, keçid balları geriləyib!

2026-2027-ci tədris ilində tibb kolleclərinə qəbul üzrə keçid ballarında azalma müşahidə olunub. Bəzi kolleclərdə bu azalma hətta 20 balı ötüb.

Hər il tibb kolleclərinə marağın yüksək olduğunu nəzərə alsaq, keçid ballarındakı azalmanın səbəbi nədir?

Mövzu ilə bağlı açığlama verən təhsil tədqiqatçısı Elmin Nuri qeyd edib ki, kolleclərlə iş dünyası arasında faydalı əməkdaşlıq qurulmasa, onların durumu daha da ağırlaşacaq:

“Orta ixtisas təhsil müəssisələrində – kolleclərə qəbul üzrə keçid ballarının aşağı düşməsinin bir sıra səbəbləri var. İlkin səbəb isə təbii ki, bu tip müəssisələrə maraq və tələbatın azalması oldu. Çünki kollec təhsili əmək bazarına inteqrasiya baxımından uğurlu seçim hesab olunmurdu. Yalnız, ali təhsil müəssisələrinə uyğun ixtisas üzrə subbakalavrların imtahansız qəbul qaydası kolleclərə olan marağı bir xeyli artırmışdı.

Lakin son iki ildə – xüsusən də bu il – bu məsələdə də çox ciddi məhdudiyyətlərin olması, plan yerlərinin hədsiz azlığı müraciət sayının kəskin azalmasına səbəb oldu. Buna görə də heç bir motivasiya görməyən namizədlər kolleclərə müraciətdən imtina etdilər. Düşünürəm ki, bu istiqamətdə ciddi addımlar atılmasa, kolleclərlə iş dünyası arasında əməli və faydalı əməkdaşlıq qurulmasa, eləcə də bütün ixtisaslar sırf əmək bazarının tələbləri əsasında yenidən təşkil olunmasa, o zaman kolleclərin durumu daha fors-major hala keçəcəkdir”.

Tibb kolleclərinə maraq azalmayıb, sadəcə tələb olunan keçid ballarına çata bilən abituriyentlərin sayı azdır:

“Tibb kollecləri ilə bağlı danışsaq, deyə bilərik ki, burada məsələ tam fərqlidir. Tibb kollecləri kolleclərin statusunu, onların tələbatlılıq göstəricilərini ayaqda saxlayan bəlkə də yeganə predmetlərdir. Odur ki, ən çox rəqabət, plan yerləri uğrunda ciddi mübarizə məhz bu kolleclər uğrunda gedib. Bu il isə siz də vurğuladığınız kimi hətta tibb kolleclərində belə keçid balı 20-yə qədər düşdü. Fakt olaraq, bəli, doğrudur, amma bunun səbəbləri başqadır; əvvəlcə onu deyək ki, tibb kolleclərinə hər il olduğu kimi bu il də böyük maraq var və bu tendensiya hələ çox davam edəcək.

Çünki ən azından əmək bazarı bunu tələb edir. Keçid ballarının aşağı düşməsinin əsas səbəbi isə tibb kolleclərinə qəbul olmaq istəyən namizədlərin, abituriyentlərin böyük əksəriyyətinin o profilli ixtisaslar üçün tələb olunan limitə çata bilməmələridir. Məsələn, tibb kolleclərində, xüsusən də tibb bacısı ixtisasının keçid balı bir çox yerlərdə 150-160-ın, hətta 180 balın üzərindədir. Şəxsən 200-dən yuxarı buraxılış balı ilə tibb kollecinə qəbul olunanları da tanıyıram. Amma etiraf edək ki, kolleclərə qəbul yalnız və yalnız maksimum göstəricisi 300 bal olan buraxılış imtahanlarının nəticəsi əsasında aparılır və burada böyük əksəriyyət 150 balın aşağısında nəticə göstərir.

Odur ki, tibb ixtisaslarına böyük maraq olsa da, tələb olunan keçid bal həddi onları seçməyə imkan vermir. Çünki tibb ixtisaslarına son illərdə artan yüksək tələbat öz növbəsində də keçid balını orta ixtisas müəssisəsi üçün az qala, rekord həddinə çatdırdı. Məlumdur ki, kolleclərə müraciət edənlərin böyük əksəriyyəti məhz aşağı bal göstəricilərinə görə universitetə qəbul ola bilməyənlərdir. Onların tibb kolleclərində getdikcə qalxan keçid balları ilə ayaqlaşmaq reallıqları çox aşağıdır. Bu ilki nəticə də bunu göstərdi. İstəyənlər çox, amma seçə bilənlər az… Odur ki, nəticədə hətta tibb ixtisasları üzrə plan yerlərinin dolmaması ehtimalı yarandı və son olaraq keçid ballarının aşağı düşməsi ilə nəticələndi. Əks halda, təkrar edirəm, tibb kolleclərinə maraq bizdə heç zaman zəifləməyəcək. Hətta biz tibb kolleclərinin nə yaxşı ki, mövcud olma faktına çox sevinməliyik. Çünki kollec meyarını bizim üçün qoruyub saxlayan əsas güc məhz odur”.

Rəy Yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Seçilən İmtahanlarımız