2026–2027-ci tədris ilindən etibarən bir sıra dərsliklər yenilənmiş məzmun və müasir təhsil yanaşmaları əsasında tədris prosesində istifadə olunacaq. Elm və Təhsil Nazirliyinin məlumatına əsasən, IV sinif üçün “Həyat bilgisi”, VII sinif üçün “Azərbaycan dili”, “Riyaziyyat”, “İngilis dili”, “Azərbaycan tarixi”, VIII sinif üçün “Coğrafiya”, IX sinif üçün isə “Biologiya”, “Fizika” və digər dərsliklər yenilənərək şagirdlərin istifadəsinə təqdim ediləcək. Yeni dərsliklərdə əsas diqqət şagirdlərin yalnız nəzəri biliklər əldə etməsinə deyil, öyrəndiklərini gündəlik həyatda tətbiq etməsinə, araşdırma aparmasına, problemləri həll etməsinə, tənqidi və yaradıcı düşünmə bacarıqlarının inkişafına yönəldilib. Həmçinin yeni nəşrlərdə oxu, riyazi və elmi savadlılığın artırılmasına xidmət edən tapşırıqlar genişləndirilib, maliyyə və ekoloji savadlılıq, rəqəmsal bacarıqlar, media və informasiya savadlılığı, eləcə də kibertəhlükəsizlik kimi aktual mövzulara daha geniş yer verilib.









