Xaricdə oxumaq hər qapını açmır — “Diplom karyeranın zəmanəti deyil”

Müasir dövrdə bir çox gənc daha yaxşı karyera imkanları əldə etmək üçün xaricdə təhsil almağa üstünlük verir. Qloballaşan dünyada beynəlxalq təhsil cəlbedici seçim olsa da, bu addım hər zaman uğurlu karyera vəd etmir.

Bəs xaricdə təhsil həmişə uğurlu karyera təmin edirmi, yoxsa bəzi hallarda yerli təhsillə də eyni, hətta daha yaxşı nəticə əldə etmək mümkündür?

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov məsələ ilə bağlı açıqlama verib.

O qeyd edib ki, xüsusilə Qərb universitetlərində təhsil tələbədə yalnız bilik deyil, yaradıcı və təşəbbüskar düşüncə də formalaşdırır:

“Beynəlxalq akkreditasiyalara malik və dünya reytinqlərində yüksək mövqedə olan universitetlər tələbələrə qlobal əmək bazarının tələblərinə uyğun düşünməyi və işləməyi öyrədir. Burada söhbət yalnız texniki biliklərdən getmir. Müxtəlif mentalitetlərə malik komandalarla işləmək, kommunikasiya qurmaq və beynəlxalq standartlara uyğun fəaliyyət göstərmək bacarıqları da formalaşır.

Xüsusilə Qərb universitetlərində təhsil yalnız mühazirələrdən ibarət deyil. Tələbələr real layihələrdə və praktiki fəaliyyətlərdə iştirak edirlər. Bu da onlarda hazır bilikləri təkrarlayan deyil, yeni ideyalar yaradan mütəxəssis düşüncəsi formalaşdırır”.

Ekspertin sözlərinə görə, bəzi ixtisaslar üzrə yerli təhsil daha məqsədəuyğun ola bilər:

“Xaricdə təhsilin üstünlükləri bütün ixtisaslar üçün eyni deyil. Almaniya, ABŞ və İsveçrə kimi ölkələrdə sənaye ilə inteqrasiya olunmuş təhsil xüsusilə mühəndislik və texnologiya sahələrində ciddi üstünlüklər yarada bilir.

Humanitar və sosial elmlərdə isə yerli konteksti bilmək daha vacib ola bilər. Xüsusilə hüquqşünaslıq kimi ixtisaslarda Azərbaycan universitetində təhsil almaq daha uyğun imkanlar yaradır. Çünki tələbə yerli qanunvericiliyi daha dərindən mənimsəyir və əmək bazarına daha asan uyğunlaşır.

Digər tərəfdən, biznes, iqtisadiyyat və maliyyə kimi sahələr üzrə London, Nyu-York və Sinqapur kimi maliyyə mərkəzlərində təhsil almaq həmin bazarlara çıxış baxımından mühüm üstünlük verə bilər”.

İlqar Orucov vurğulayıb ki, xaricdə təhsil avtomatik olaraq üstünlük yaratmır:

“Xarici diplomun tanınması da mühüm məsələdir. Xüsusilə tibb, hüquq və memarlıq kimi lisenziya tələb edən sahələrdə diplomun yerli qanunvericiliyə uyğunlaşdırılması karyeranı müəyyən qədər ləngidə bilər.

Bəzi hallarda xaricdə əldə edilən dar ixtisas üzrə Azərbaycanda uyğun iş yeri və ya infrastruktur da olmur. Buna görə də nəticəni yalnız diplomla ölçmək düzgün deyil. Universitetin sənaye ilə əlaqəsi, əldə edilən praktiki təcrübə və əmək bazarına uyğunlaşmaq bacarığı da böyük əhəmiyyət daşıyır”.

Ekspert hesab edir ki, tələbənin xaricdə yalnız diplom əldə etməsi kifayət deyil:

“Tələbənin təhsil müddətində iş təcrübəsi qazanması, sosiallaşması və peşəkar əlaqələr qurması çox vacibdir. Əgər tələbə xaricdə yalnız dərslərlə kifayətlənirsə, onun diplomu yerli diplomdan ciddi şəkildə fərqlənməyə bilər.

Lakin söhbət dünyanın aparıcı universitetlərindən gedirsə, burada vəziyyət fərqlidir. Top universitetdə təhsil almaq karyeraya qoyulan ciddi investisiyadır və gələcək üçün böyük imkanlar yaradır.

Bu baxımdan gənclər ölkə, universitet və ixtisas seçiminə ciddi yanaşmalıdırlar. Əsas məsələ yalnız xaricdə oxumaq deyil, doğru universiteti, doğru ixtisası və doğru təhsil modelini seçməkdir”.

Rəy Yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Seçilən İmtahanlarımız