Süni intellektin təhsildə tətbiqi genişləndikcə, bu texnologiyanın abituriyentlərin qəbul imtahanındakı nəticələrinə təsiri də müzakirə olunur. Mütəxəssislər hesab edirlər ki, süni intellekt hazırlıq prosesini asanlaşdırsa da, yüksək nəticənin əsas şərti yenə də şagirdin biliyi, zəhməti və sistemli hazırlığıdır.
Məsələ ilə bağlı açıqlama verən Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Samir Vəliyev bildirib ki, son illərdə süni intellekt alətlərinin təhsildə istifadəsi əhəmiyyətli dərəcədə artıb və artıq abituriyentlər də bu imkanlardan geniş istifadə edirlər.
“Süni intellekti müəyyən mənada 24/7 fəaliyyət göstərən fərdi köməkçi və ya repetitor kimi qiymətləndirmək olar. O, şagirdin suallarını istənilən vaxt cavablandırır, mövzuları müxtəlif üsullarla izah edir, testlər hazırlayır və zəif tərəfləri müəyyənləşdirə bilir. Lakin bu, o demək deyil ki, süni intellekt maksimum balın təminatçısıdır. Yüksək nəticənin əsas şərtləri şagirdin motivasiyası, sistemli hazırlığı və düzgün tədris strategiyasıdır. Süni intellekt sadəcə bu prosesi sürətləndirən və fərdiləşdirən bir vasitədir”.
Deputatın sözlərinə görə, xüsusilə güclü şagirdlər süni intellektdən daha səmərəli yararlana bilirlər.
“Onlar çətin mövzuların izahını fərqli formada əldə edir, səbəbləri daha dərindən analiz edə və vaxt itirmədən nəticə əldə edə bilirlər. Bu da hazırlığın səmərəliliyini artırır”.
Samir Vəliyev süni intellektdən yanlış istifadənin müəyyən risklər yaratdığını da vurğulayıb.”Əgər şagird cavabları yalnız süni intellektdən götürür və müstəqil düşünmə bacarığını inkişaf etdirmirsə, bu zaman texnologiya faydadan çox zərər verə bilər. Bu baxımdan süni intellekt müəllim və ya repetitoru tam əvəz edə bilməz. O, yalnız tədris prosesini tamamlayan bir resurs kimi qiymətləndirilməlidir”.
Deputat hesab edir ki, süni intellektdən düzgün istifadə edən abituriyentlərin nəticələrinə müsbət təsir mümkündür.
“Gələcək illərdə bu təsirin daha da artacağını gözləmək olar. Amma uğurun əsas mənbəyi yenə də şagirdin öz biliyi və əməyidir”.
Təhsil eksperti Ramin Nurəliyev isə açıqlamasında bildirib ki, süni intellektin həm üstün, həm də riskli tərəfləri var.
“Abituriyentlər süni intellekt platformalarından istifadə etməklə lazımi məlumatları qısa müddətdə əldə edə və bunu qəbul imtahanına hazırlıqda tətbiq edə bilərlər. Lakin müəllimin verdiyi tapşırığı araşdırmadan, təhlil etmədən birbaşa süni intellekt vasitəsilə həll edib təqdim etmək düzgün yanaşma deyil”.
Ekspert qeyd edib ki, süni intellektdən öyrənmə vasitəsi kimi istifadə etmək daha faydalıdır.
“Məsələn, hər hansı düsturu və ya tarixi faktı kitabda uzun müddət axtarmaqdansa, süni intellekt vasitəsilə qısa zamanda tapmaq mümkündür. Amma əsas məsələ həmin məlumatı mənimsəmək, onun üzərində işləmək və sualları müstəqil həll etməkdir. Süni intellektin ən böyük üstünlüklərindən biri də vaxta qənaət etməsidir”.
Ramin Nurəliyev hesab edir ki, gələcəkdə süni intellekt repetitorlara olan ehtiyacı müəyyən qədər azalda bilər.
“Əgər abituriyent süni intellekti düzgün istiqamətləndirirsə və ondan öyrənmək üçün istifadə edirsə, bəzi hallarda repetitorsuz da hazırlaşa bilər. Dünyada artıq dəqiq fənlər üzrə süni intellekt əsaslı tədris platformaları yaradılır və bu proses getdikcə genişlənəcək. Azərbaycanda da bu istiqamətdə müəyyən işlər aparılır”.
Ekspert bununla yanaşı, texnologiyanın müəllimi tam əvəz edə biləcəyini düşünmür.
“Robotlar və süni intellekt bilik ötürə bilər. Amma müəllimin şagirdə fərdi yanaşmasını, sinfin idarə olunmasını və tərbiyə funksiyasını tam əvəz edə bilməz. Buna baxmayaraq, gələcəkdə süni intellektin təhsil sistemində daha geniş rol oynayacağı və bəzi sahələrdə müəllimlərin iş yükünü azaldacağı istisna deyil”, – deyə Ramin Nurəliyev vurğulayıb.









