7 iyun 2026-cı il tarixində keçirilən I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri elan olundu. Bununla da bütün ixtisas qrupları üzrə abituriyentlər öz nəticələrini öyrənmiş oldular.
Artıq bir çox abituriyent ixtisas seçimi ilə bağlı müzakirələrə başlayıb.
Abituriyentləri ən çox maraqlandıran məsələlərdən biri isə bu il plan yerlərinin sayında hər hansı dəyişiklik olub-olmayacağıdır. Rəsmi plan yerləri hələ açıqlanmasa da, bu mövzu ətrafında müxtəlif müzakirələr davam edir.
Maraqlıdır, bu il hansı ixtisas qruplarında plan yerlərinin sayında azalma baş verə bilər?
Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi danışıb.
Plan yerlərində artım olsa belə, cüzi olacaq:
“Dövlət İmtahan Mərkəzi tərəfindən qəbul imtahanının həm birinci mərhələsi, həm də ikinci mərhələnin birinci cəhdi başa çatıb və nəticələr abituriyentlərə açıqlanıb. Artıq əldə olunan nəticələr əsasında müsabiqədə iştirak məsələsi müzakirə olunur ki, bu da təbii prosesdir.
Qeyd edim ki, abituriyentləri və ictimaiyyəti düşündürən əsas məsələlərdən biri plan yerləridir. Hazırda bununla bağlı rəsmi məlumat açıqlanmayıb. Lakin Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə bildirib ki, plan yerləri ötənilki səviyyədə olacaq. Yəni artım olsa belə, bunun cüzi olması gözlənilir.
Ötən il həm xüsusi təyinatlı, həm də mülki ali təhsil müəssisələrinə ümumilikdə 63 minə yaxın qəbul aparılmışdı. Bunun 60 mindən bir qədər çoxu mülki ali təhsil müəssisələrinin, qalan hissəsi isə xüsusi təyinatlı ali təhsil müəssisələrinin payına düşürdü.
Bu il də gözləntimiz ondan ibarətdir ki, həm xüsusi təyinatlı, həm də mülki ali təhsil müəssisələri üzrə ümumilikdə 63 mindən artıq plan yeri nəzərdə tutulacaq. Həmin plan yerlərinin təxminən 61 minə yaxınının isə mülki ali təhsil müəssisələrinin payına düşəcəyi gözlənilir”.
Bəzi universitetlərdə pedaqoji yönümlü ixtisaslarda plan yerləri azala bilər:
“Plan yerlərinin ötənilki səviyyədə qalacağını nəzərə alsaq, ixtisas qrupları üzrə müsabiqəyə qatılan abituriyentlərin sayında artım müşahidə olunur. Bu artım əsasən I, II və V ixtisas qruplarında qeydə alınıb. III və IV ixtisas qruplarında isə müraciət sayı ötən ilə yaxın olsa da, yenə də plan yerlərini üstələyir.
Plan yerlərinin azalmasına gəlincə, bəzi universitetlərdə pedaqoji yönümlü ixtisaslar üzrə azalma ola bilər. Eyni zamanda bir neçə iqtisadi ixtisas istiqamətində də plan yerlərinin azaldılması ehtimal edilir. I ixtisas qrupunda bəzi texniki ixtisaslar üzrə də müəyyən universitetlərdə plan yerlərinin azalması mümkündür.
Bunun əvəzində əmək bazarında daha çox tələbat olan ixtisaslarda plan yerlərinin artırılması gözlənilir. Məsələn, səhiyyə istiqaməti üzrə müəyyən artım nəzərdə tutulur. Xüsusilə Qarabağ Universitetində stomatologiya ixtisası bu ildən ilk dəfə qəbul aparacağı üçün həmin istiqamətdə plan yerlərinin artacağı gözlənilir.”









