Ali təhsil müəssisələrində xarici dil proqramlarının genişləndirilməsi yalnız tələbələrin dil bazasını artırmaq üçün deyil, universitetlərin və dövlətin strateji hədəflərinə xidmət etməlidir.
Bu fikirləri açıqlamasında Əməkdar müəllim, sabiq deputat Sona Əliyeva səsləndirib.
Onun sözlərinə görə, bu gün güclü dil hazırlığı artıq əlavə üstünlük deyil, beynəlxalq rəqabətə çıxışın əsas şərtidir:
“Universitetdə tələbə və müəllim heyətinin xarici dil bacarıqları kifayət qədər güclü deyilsə, “Erasmus+” və digər qlobal mübadilə proqramlarında fəal iştirak da məhdudlaşır. Bu isə universitetlərin beynəlxalq tərəfdaşlıq imkanlarına və reytinqlərdəki mövqeyinə birbaşa təsir göstərir. Eyni zamanda, gənc tədqiqatçıların “Scopus”, “Web of Science” kimi nüfuzlu elmi bazalarda məqalələrinin dərc olunması, beynəlxalq konfranslarda iştirak etməsi və qlobal akademik mühitə inteqrasiyası da xarici dil biliklərindən asılıdır.
Müasir dünyada ingilis dilini bilməmək sadəcə danışıq problemi deyil. Bu, təhsildə, elmdə və əmək bazarında ciddi intellektual məhdudiyyət yaradır. Qlobal elmi və texnoloji məlumatların, innovasiyaların, proqramlaşdırma dillərinin və idarəetmə modellərinin böyük hissəsi ilk növbədə ingilis dilində formalaşır. Bu dili bilməyən tələbə isə çox vaxt yerli dilə gecikmiş, aktuallığını itirmiş və məhdud ədəbiyyatla kifayətlənməli olur.
Bu gün Azərbaycanda da böyük holdinqlər, beynəlxalq təşkilatlar, xarici şirkətlər və dövlət qurumlarının strateji departamentləri ingilis dilini əsas meyarlardan biri kimi tələb edir. Dili bilməyən məzun əmək bazarında rəqabətə davam gətirə bilmir, karyera yüksəlişində geridə qalır və çox vaxt daha aşağı maaşlı, texniki icraçı vəzifələrlə kifayətlənir. Bu baxımdan, bəzi ixtisas fənlərinin, xüsusilə İKT, data analitikası, süni intellekt, maliyyə, hüquq, tibb və mühəndislik kimi sahələrin ingilis dilində tədrisi zəruridir. Amma burada əsas məsələ forma deyil, keyfiyyətdir.
Fənlərin xarici dildə tədrisi yalnız sənəd üzərində “beynəlxalq proqram” görüntüsü yaratmaq məqsədi daşımamalıdır.
Xüsusilə texnologiya və süni intellekt sahəsində terminləri süni şəkildə yerli dilə çevirmək bəzən tədrisin mahiyyətini zəiflədir. Tələbə bu sahələri beynəlxalq terminologiya ilə öyrənməlidir ki, sabah qlobal əmək bazarında işləyə, xarici mənbələri oxuya, beynəlxalq layihələrə qoşula və peşəkar mühitdə özünü rahat ifadə edə bilsin. İxtisas fənnini ingilis dilində mənimsəyən tələbə təkcə dili öyrənmir, həm də həmin dildə düşünməyi, analiz etməyi, problem həll etməyi və layihələri idarə etməyi öyrənir.
Lakin bu proses metodoloji baxımdan düzgün qurulmasa, əks nəticə verə bilər. Əgər professor-müəllim heyəti xarici dildə sərbəst mühazirə oxumaq, müzakirələr aparmaq və tələbələrin suallarını cavablandırmaq iqtidarında deyilsə, yaxud tələbələrin dil səviyyəsi həmin dərsləri mənimsəməyə imkan vermirsə, bu artıq inkişaf deyil, təhsilin keyfiyyətinin aşağı düşməsi deməkdir.
Ona görə də universitetlərdə xarici dildə tədrisə keçid tələsik və görüntü naminə həyata keçirilməməlidir. Əvvəlcə güclü “Foundation” (hazırlıq ili) proqramları yaradılmalı, tələbələrin akademik dil bazası formalaşdırılmalı, müəllimlərin dil kompetensiyası isə beynəlxalq sertifikatlarla təsdiqlənməlidir. Əgər universitetlərimiz qlobal akademik mühitə çıxmaq, beynəlxalq reytinqlərdə yüksəlmək, sənaye nəhəngləri ilə birgə laboratoriyalar, startap layihələri və ikili diplom proqramları yaratmaq istəyirsə, xarici dil məsələsinə sadəcə fənn kimi deyil, strateji inkişaf aləti kimi yanaşmalıdır”.









