2012-ci ildə buraxılış imtahanlarının keçirilməsi Dövlət İmtahan Mərkəzinə (DİM) həvalə olunub. Bu qərarla bağlı geniş və gərgin müzakirələr aparılıb. Həmin ildə təhsil naziri Mikayıl Cabbarovun təkidi ilə xarici dil fənni buraxılış imtahanına daxil edilib. Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə tədbirdə çıxışı zamanı qeyd edib. O bildirib: “Açığını desəm, üçüncü fənnin xarici dil olmasının əleyhinə idim”.Buraxılış imtahanına xarici dil əvəzinə hansı fənnin daxil edilməsi daha doğru olardı? Gələcəkdə belə bir dəyişiklik olarsa, hansı fənnin əlavə olunması daha uğurlu seçim sayılar?
Mövzu ilə bağlı elm və təhsil eksperti Səbuhi Abdullayev açıqlama verib.
O, qeyd edib ki, buraxılış imtahanında fənn olaraq riyaziyyat və ana dilinin olması yetərlidir:
“Buraxılış imtahanlarında təyin olunan xarici dil fənni üzrə şərtlər kifayət qədər ağırlaşır. Düşünürəm ki, xarici dil üzrə bu səviyyədə imtahanın keçirilməsi düzgün deyil. Buraxılış imtahanını verən şəxslər üçün əsasən Azərbaycan dili və riyaziyyat fənlərini bilmələri kifayət edir. Yəni buraxılış imtahanında fənn olaraq riyaziyyat və ana dilinin olması yetərlidir”.
Əgər üçüncü fənnin əlavə olunması labüddürsə, düşünürəm ki, bunun əvəzinə buraxılış və blok imtahanları birləşdirilə bilər:
“Bu halda abituriyentlər imtahanı bir dəfə verər və nəticələr əsasında seçim edə bilərlər. Həmçinin məktəbin yekun qiymətləndirilməsi ilə, orta attestat qiymətlərinə əsasən nəticələrin verilməsi də mümkündür, nəinki yalnız buraxılış imtahanının nəticələrinə əsaslanmaq. Çünki buraxılış imtahanından sonra da məktəbdə təhsil davam edir və həmin dövrdə də şagirdlər qiymətləndirilir.
Buna görə ümumilikdə buraxılış və blok imtahanlarının birlikdə keçirilməsi daha məqsədəuyğundur. Bu, həm vaxt baxımından, həm də şagirdlərə düşən əlavə yükün azaldılması baxımından daha səmərəli olar. Eyni zamanda blok imtahanlarının daha kompakt formada təşkili mümkündür.
Məsələn, hər blokda çoxsaylı fənlər deyil, maksimum bir və ya iki fənnin daxil edilməsi ilə ümumilikdə 3-4 fənn üzrə imtahan verilməsi ali təhsil müəssisələrinə qəbul prosesi üçün daha uyğundur”.









