Ötən həftə, 9 mart tarixində keçirilən buraxılış imtahanının nəticələri elan edilib. Belə ki, imtahandan 3 nəfər maksimum nəticə əldə edib. Ötən il birinci zona üzrə bu rəqəm 23 olub.
Maraqlıdır, buraxılış imtahanının ilk zonasında maksimum nəticə toplayanların sayında azalmanın səbəbi imtahan modelinin çətinliyi, yoxsa şagird hazırlığından qaynaqlanır?
Mövzu ilə bağlı açıqlama verən təhsil eksperti Ramin Nurəliyev qeyd edib ki, bu fərq imtahanın çətinliyinin artdığını göstərir:
“Dövlət İmtahan Mərkəzi imtahanın əvvəlki illərlə eyni səviyyədə olduğunu bildirsə də, faktlar bunu təsdiqləmir. Sualların həm çətin, həm də vaxt aparan olması nəticələrə birbaşa təsir edib. Məsələn, ötən il 280-dən yuxarı bal toplayanların sayı təxminən 300 nəfər idisə, bu il həmin göstəricinin 50-70 nəfər arasında olacağı ehtimal edilir. Bu isə bal paylanmasında ciddi fərqin yarandığını göstərir.
Qeyd etmək lazımdır ki, buraxılış imtahanları yalnız universitetə qəbul üçün nəzərdə tutulmayıb. Bu imtahanlarda kolleclərə müraciət edənlər, xaricdə təhsil almağı planlaşdıranlar, eləcə də attestat qiymətləri üçün iştirak edənlər də yer alır. Hətta musiqi, idman, rəsm və aktyorluq kimi sahələrə yönələn abituriyentlər də bu imtahandan keçir.
Belə olan halda, riyaziyyat və ya Azərbaycan dili kimi fənlərin həddindən artıq çətin olması bütün iştirakçılar üçün məntiqli hesab edilmir. Buraxılış imtahanlarında bu fənlərin daha çox orta səviyyədə olması məqsədəuyğun olardı. Blok imtahanlarında isə müəyyən çətinlik səviyyəsi başadüşüləndir. Çünki burada abituriyentlər eyni ixtisas qrupları daxilində rəqabət aparır və bal fərqləri seçim prosesində rol oynayır. Məsələn, birinci qrupda riyaziyyatın, üçüncü qrupda tarix və ya ədəbiyyatın, dördüncü qrupda isə biologiyanın daha seçici olması normaldır”.
R.Nurəliyev bildirib ki, buraxılış imtahanlarında əsas məqsəd ümumi biliklərin qiymətləndirilməsi olmalıdır:
“Bu səbəbdən imtahanın həddindən artıq çətin və ya vaxt baxımından yüklü olması məqsədəuyğun deyil. Eyni zamanda, buraxılış imtahanında yüksək nəticə göstərənlərin sayının azalması gələcəkdə 700 bal toplayan abituriyentlərin sayına da təsir edə bilər. Çünki maksimal nəticə əldə etmək üçün buraxılış imtahanında yüksək bal toplamaq vacib şərtlərdən biridir.
Şagird hazırlığı ilə bağlı fərziyyələr isə əsaslı görünmür. Çünki ötən il də, bu il də müəllimlər və şagirdlər eyni səviyyədə fəaliyyət göstərirlər. Fərqi yaradan əsas amil sualların çətinliyi və vaxtın yetərsizliyidir. Xüsusilə mətn suallarının həcmi və onların cavablandırılması üçün ayrılan vaxt ümumi nəticələrə mənfi təsir göstərib. Ümumilikdə, müşahidələr göstərir ki, bu il buraxılış imtahanı əvvəlki illərlə müqayisədə daha çətin və vaxt aparan olub”.









